Antidopinq seminarı keçirilib

İyul ayının 28-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib. Tədbirdə ağır atletika üzrə qadın, yeniyetmə, gənclər və kişilərdən ibarət yığma komandaların üzvləri, məşqçilər, texniki heyətin digər üzvləri iştirak ediblər. Seminarı AMADA-nın Təhsil Şöbəsinin müdiri Lalə Hacıyeva aparıb.

Əvvəlcə antidopinq qaydaları ilə bağlı yazılı ön sorğu aparılıb, sonra geniş məlumatlandırmaya keçilib. İştirakçılara dopinqdən istifadənin törətdiyi fəsadlar və bunun hüquqi nəticələri, Antidopinq Qayda Pozuntuları, dopinq nəzarəti prosesi, Terapevtik İstifadə üçün İstisnalar, qadağan edilmiş maddələrin siyahısı, onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi və digər vacib məqamlar barədə geniş məlumat verilib. Qeyd olunanlar eyni zamanda proyektor vasitəsilə əyani şəkildə göstərilib. Seminar interaktiv keçirilib, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr aparılıb.

Paylaş
Şərh yaz