Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, yubileyini qeyd edən veteran atletlər mükafatlandırılıb. Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, 75 yaşını qeyd edən Cəbrayıl Cəbrayılovu və 60 yaşını tamamlayan Azər Hacıxəlilovu təbrik edib. Yubilyarlara AAF rəhbərliyi adından təşəkkürnamə və mükafatlar təqdim olunub.
Bununla yanaşı 1-ci beynəlxalq kateqoriyalı hakim adına layiq görülən Asif Məlikova lisenziyası təqdim edilib.
Açılış mərasimində daha 2 gənc idmançı mükafatlandırılıb. AAF-ın rəsmi feysbuk səhifəsində keçirilmiş “Ən yaxşı təkan” müsabiqəsində fərqlənən Dəniz Bağırov və Nigar Əliyevaya federasiya tərəfindən hədiyyələr verilib.







