IWF-in rəsmi saytı Məhəmməd Caludun Bakı səfəri haqda yazı hazırlayıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə Bakıya gələn qurumun prezidenti Məhəmməd Caludun bu səfəri barədə məqalə dərc olunub. Materialda səfərin detalları barədə məlumat verilib. Qeyd olunub ki, IWF prezidenti Azərbaycanda ağırllıqqaldırma infrastrukturu ilə tanış olub, gördüklərindən razı qalıb, burada yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb. Məhəmməd Calud Fuju və Havanadan sonra Beynəlxalq Tədris Mərkəzlərindən birinin Bakıda qurulması üçün bütün imkanların olduğunu, bu böyük layihənin çox istedadlı yeniyetmə və gənc nəsil ağırlıqqaldıranlara malik Azərbaycanda ağırlıqqaldırmanın inkişafına təkan verəcəyini bildirib. Qonaq Bakıda AAF prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, Azərbaycan Respublikası Gənclər və idman naziri Fərid Qayıbov, baş nazir Əli Əsədovla görüşdüyünü, bu görüşlər zamanı Azərbaycanın ağırlıqqaldırma üzrə beynəlxalq yarışların təşkili və bir çox digər məsələlərin müzakirə olunduğunu, gələcəyə böyük ümidlərlə baxdığını qeyd edib.

Baş nazir Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.
Görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açıldı. İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirdi. Qeyd edildi ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaratmışdır.
Azərbaycanda digər idman növləri ilə yanaşı ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi vurğulandı.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüş olub

Mayın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüş olub.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, federasiyanın vitse-prezidenti Firdovsi Umudov və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər.
Görüşdə Azərbaycanla Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə ağırlıqqaldırma idman növünün inkişafı barədə məlumat verib. Azərbaycanda ağırlıqqaldırma idman növünün böyük ənənələrinin olduğunu deyən Çingiz Hüseynzadə federasiyasının yeni inkişaf yoluna başladığını diqqətə çatdırıb.
“Azərbaycanda kifayət qədər ağırlıqqaldırma üzrə dünya, Avropa çempionatlarının qalib və mükafatçıları var. Bu gün ölkəmizdə ağırlıqqaldırma idman növünün inkişafı üçün federasiya rəhbərliyi səmərəli işlər həyata keçirir. Ümid edirik ki, bu iş uğurla başa çatacaq və Azərbaycan ağırlıqqaldıranları da Yay Olimpiya Oyunlarında uğurla iştirak edəcəklər”, – deyə Çingiz Hüseynzadə bildirib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud ölkəmizə səfər gəlməyindən olmaqdan məmnun olduğunu bildirib.
Rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə məlumat verən qonaq ağırlıqqaldırma idman növündə dopinqə qarşı mübarizənin vacibliyindən danışıb və bu kimi halların minimuma endirdiklərini diqqətə çatdırıb.
“Azərbaycanda səfərdə olduğum müddətdə ağırlıqqaldırma üzrə məşq bazası ilə tanış oldum. Orada bir sıra gənc ağırlıqqaldıranların məşqini izlədim. Onların çıxışı mənə böyük ümid verdi. İnanıram ki, bu gənc idmançılar özlərini 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında doğruldacaqlar”, -deyə Məhəmməd Calud bildirib.
Beynəlxalq Federasiyanın rəhbəri çıxışında həmçinin Azərbaycanda yeni akademiyanın yaradılması məsələsinə də toxunub: “Bizim bir sıra layihələrimiz var. Onlardan biri də məşqçilərlə bağlıdır. Məşqçilərin hazırlanması ilə bağlı yeni qaydalar hazırlanır. Akademiya yaratmaq üçün biz beş qitə olmaqla, hər qitədən bir ölkə seçəcəyik. Avropa qitəsindən isə Azərbaycanı seçməyi düşünürük. Belə ki, beynəlxalq dərəcəli məşqçi olmaq istəyən şəxslər Bakıya gələcək, məşqlərdən keçərək sertifikatlar alacaqlar. Düşünürəm ki, bu Azərbaycan üçün çox önəmli olacaq”.
MOK-un baş katibi Azər Əliyev ölkəmizdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının gördüyü işlərdən danışıb. Azərbaycanda yeni, gənc ağırlıqqaldıranların yetişdiyini deyən Azər Əliyev onların qarşıdan gələn dünya, Avropa çempionatlarında, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə inandığını bildirib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə səmimi görüşə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlıq edib.
O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludun ölkəmizə səfərinin Azərbaycanda ağırlıqqaldırma idman növünün inkaşfı üçün böyük təsiri olacağını vurğulayıb.
“Bu gün əsas məqsədimiz milli komandada nizam-intizamı gücləndirnmək, dopinqə qarşı mübarizə aparmaq və regionlarda bu idman növünün inkişafını təmin etməkdir. Düzdür, atletlərimiz Paris-2024-ə lisenziya qazana bilmədilər. Amma çalışacağıq ki, idmançılarımızın Los-Anceles-2028-də iştirak etməsinə nail olaq. Bundan başqa İspaniyada gənclər arasında dünya çempionatı təşkil olunacaq ki, bu yarışa da geniş heyət yollamağı düşünürük. Bizim əsas məqsədimiz gənclərlə işləyərək, regionlarda yeni bazalar yaratmaqdır”, – deyə Kamran Nəbizadə qeyd edib.
Tədbirin sonunda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caluda və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadəyə xatirə hədiyyələri təqdim olunub.

IWF prezidenti Bakıda ağırlıqqaldırma infrastrukturu ilə tanış olub

 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə Bakıya gələn Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludun ölkəmizə səfəri davam edir. O, may ayının 12-də AAF prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla birlikdə ASK Arenaya baş çəkib. Məhəmməd Calud burada əvvəlcə ağırlıqqaldırma üzrə yığma komandaların dayaq bazasında yaradılan şəraitlə tanış olub. Zala gələrək yığma komandanın məşqini izləyən IWF prezidenti, gördüklərindən razılığını bildirib, idmançı və məşqçi heyətinə gələcək yarışlarda uğurlar diləyib. O, yeniyetmə və azərbaycanlı gənc idmançılar arasında potensiallı atletləri gördüyünü və onların böyük qələbələrinə şahidlik edəcəklərinə əminliyini bildirib. Səmimi keçən söhbət zamanı ağırlıqqaldıranlar da ona təşəkkür edib, bu görüşün onlara böyük mənəvi dəstək olacağını qeyd ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra Məhəmməd Calud ASK Arenada yerləşən mehmanxana və orada idmançı və məşqçi heyətinin qalması, eyni zamanda tədris şəraitini gözdən keçirib. Ona məlumat verilib ki, burada təlim-məşq toplanışı, müxtəlif mütəxəssislər üçün kurslar və seminarlar təşkili üçün lazımi imkanlar yaradılıb. Qidalanma, istirahət, bərpa üçün bütün şərait qurulub, fəal istifadə edilir. Nəinki Avropa, hətta dünyada belə çox az sayda ölkədə ağırlıqqaldırma üçün bu cür şəraitin yaradıldığını deyən IWF prezidenti, bu məkanın beynəlxalq elmi-tədris fəaliyyətlərinin həyata keçirilməsi üçün ideal məkan olduğunu qeyd edib.
Məhəmməd Calud Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində də olub. Burada da ona yarış və məşq zalları, dərs, təlim, istirahət və yataq otaqları göstərilib, idman qurğusunun bütün imkanları barədə geniş məlumat verilib. Qonağa bildirilib ki, burada mütəmadi olaraq ölkədaxili yarışlar təşkil olunur, yığma komandalar təlim-məşq toplanışları üçün məhz buranı seçirlər. Məhəmməd Calud bildirib ki, Azərbaycan ağırlıqqaldırmasının böyük gələcəyi var və məhz bu cür zallar, buradakı şərait buna xüsusi müsbət təkan verə biləcək. IWF prezidenti AAF-ın ölkəmizdə böyük ənənəsi olan bu idman növünə doğru münasibətin, qurduqları doğru strategiyanın həqiqətən alqışlanası səviyyədə olduğunu və uğurların özünü gözlətməyəcəyinə inamını ifadə edib.

 

Kamran Nəbizadə IWF prezidenti ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb. Söhbət zamanı qurumlar arasında münasibətlərin, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib, gələcəyə ümidlə baxıldığı ifadə edilib. Qeyd olunub ki, son zamanlar AAF tərəfindən aparılan işlər ağırlıqqaldırmanın həm Azərbaycanda, həm də beynəlxalq arenada inkişafına öz müsbət töhfəsini verməkdədir. AAF-ın vitse-prezidenti Firdovsi Umudov bu idman növünün tərəqqisi istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqinin vacibliyini vurğulayıb, müvafiq addımların atılmasının zəruruliyini bildirib.
AAF rəhbərliyinin dəvəti ilə təşkil olunan səfər zamanı Məhəmməd Caludun Azərbaycanda ağırlıqqaldırma infrastrukturu – ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarının məşq bazaları, orada yaradılan şəraitlə, həmçinin yarış və digər ağırlıqqaldırma məkan və zalları ilə tanışlığı nəzərdə tutulub. Görüşlər zamanı ağırlıqqaldırma idman növündə elmi tərəqqinin tətbiqi, bilavasitə məşqçilərin, texniki rəsmilər və tibb personalının hazırlanması və təcrübələrinin artırılması, yarışların beynəlxalq səviyyədə təşkilinin təşviqi və digər məsələlər danışılacaq.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri Xiyabanı ziyarət edib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə ölkəmizə səfərə gəlib. O, AAF-ın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovla birlikdə ilk olaraq Fəxri Xiyabana gedib. Burada ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilərək xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Sonra onlar Şəhidlər Xiyabanına gedərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyənin paytaxtı Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb. Görüş zamanı federasiyalar arasında münasibətlərin sıxlaşdırılması və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər məsələlər müzakirə edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazandı!

 

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan sonuncusu – Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Təbrik edirik!

Federasiyamız Milli Olimpiya Komitəsinin xüsusi mükafatlarına layiq görülüb

Aprel ayının 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova və digər qonaqlar, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəsmi çıxışlar və bədii hissədən sonra festivalın qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı Milli Olimpiya Komitəsinın xüsusi mükafatlarına layiq görülən videoçarxlar da elan edilib. Belə ki, “Gələcəyin qalibləri” nominasiyasında “Lənkəranda ağır atletika dərsləri” və “Zərif qəhrəman” nominasiyasında “Təkan ver – Elnarə Abbasova” tanıtım çarxları xüsusi mükafata layiq görülüb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Prezidenti Kamran Nəbizadə səhnəyə dəvət edilib və təltif olunub. Mükafatı ona MOK-un baş katibi Azər Əliyev təqdim edib.

Əli Şükürlü də Dünya Kubokunda çıxış etdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə qalxıb. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 377 kq (167+210) nəticə göstərib və yekun sıralamada 13-cü yeri tutub.

Ömər Cavadov qüvvəsini sınadı

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib və 12-ci yeri tutub.

İsa Rüstəmov Dünya Kubokunda iştirak etdi

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün onlardan biri – İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib və 16-cı yeri tutub.